AZƏRBAYCAN
Azərbaycan musiqisi
MUSİQİ SƏNƏTİNİN İNKİŞAF TARİXİ
Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi müsiqimizin qədimliyinə əyani sübutdur.
Mir Möhsun Nəvvab Qarabaği
İlk yazılı musiqi nümunələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdulqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı "Kitab əl-Ədvar" və "Şərəfiyyə" risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə "Sistemçilik" məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.
Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin "Nəqavətil Ədvar" risaləsini və onun oğlu Mahmud Çələbinin "Məqasid əl-Ədvar" əsərini göstərmək olar.
XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin "Musiqi haqda" risaləsidir.
Mirzə Sadıq (Sadıqcan)
XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı "Musiqiçilər məclisi"ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal Məşədi cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.
Məşədi Cəmil Əmirov
Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".
Şuşa Qafqazının konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.
Cabbar Qaryağdı oğlu
Şuşa - Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.
XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü. Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.
Üzeyir Hacıbəyli
Ü.Hacıbəyli Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir. SSRİ-nin xalq artisti R.Behbudov xalq və bəstəkar mahnılarının, F.Əmirovun "Sevil" operasından Balaş rolunun əvəzsiz ifaçısı idi. O, həm də "Mahnı" teatrının yaradıcısı və rəhbəri olmuşdur.
Hacıbəyovun digər məşhur operettası "O olmasın bu olsun" 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmışdır.
XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası yanında Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.
Müslüm Maqomayev
20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.
Ü.Hacıbəyli monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov "Koroğlu" operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. "Koroğlu" operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.
Bülbül (Murtuza Məmmədov)
20-40-cı illərdə yeni bəstəkarlar nəsli yaradıcılıq yoluna qədəm qoydu.
30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov "Təntənəli marş", M.Maqomayev "Azərbaycan çöllərində", "Azad qadının rəqsi", "Azərbaycan radio marşı RV-8"), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.
1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin "Vətən" (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.
Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.
Q.Qarayevin "Yeddi gözəl" baleti (1952, Nizaminin eyni adlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. "Yeddi gözəl" ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.
Qara Qarayev
1958 ildə Q.Qarayevin "İldırımlı yollarla" (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.
S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən "Gülşən" (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun "Gözün aydın" (1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir.
50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.
Fikrət Əmirov
C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.
C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir ("Arazın o tayında" 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; "Füzuli" kantatası). "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti [A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956 ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.
Soltan Hacıbəyov
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.
Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.
Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurlar.
Rəşid Behbudov
Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın - R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b. əməyi göstərilməlidir.
Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanənədələrdən xalq artistləri X.Şuşuinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.
Tofiq Quliyev
Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf edir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə "Biz Bakıdanıq" estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə "Qaya" kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.
Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.
Vaqif Mustafazadə
Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi "Sevil" və "Muğam" ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa caz ifaçıları da tanınmışlar.
Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.
Bunların sırasında V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları, T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın "Vətən şəhidləri" (1990) kantatası, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) və b. xüsusi yer tutur.
2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında "Qafqaza səyahət" baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun "Xeyir və şər" (1990) birpərdəli baleti (1990), H.Məmmədovun "Şeyx Sənan", O.Zülfüqarovun "Əlibaba və 40 quldur" (1990) baleti yazılmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir.
A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norvecdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun ("Çanaqqala" oratoriyası), Kiprdə T.Bakıxanovun ("Güzey Kipr fəsilləri", "Güzey Kipr süitası") və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin ("Xütbə, Muğam, Surə", "Babil qiyaməti" 2000), F.Əlizadənin ("İlğım"), R.Həsənovanın ("Səma") əsərləri ifa edilmişdir. "İpək yolu" layihəsində F.Əlizadə ("Dərviş"), və C.Quliyevin ("Karvan") iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin ("Zamana səyahət" simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına ("Qoy dünyada sülh olsun" oratoriyası) layiq görülmüşdür.
1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo - 2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.
2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş "Xan qızı Natəvan" (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
Zəngin Azərbaycan musiqisi bu gün özünün yeni dövrünü yaşayır. Biz ondan yeni böyük qələbələr, gözəl əsərlər və parlaq istedadlar gözləyirik.
AZƏRBAYCAN MUSİQİLƏRİ
Xalq mahnıları
Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri parlaq şəkildə əks olunmuşdur.
Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır. Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.
Xalq yaradıcılığının ən qədim janrı əmək mahnılarıdır. Bu mahnılar arasında ən geniş yayılanları maldarlığa həsr olunmuş sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanları holavar əmək mahnılarıdır. Ən qədim mahnılara "Çoban avazı", "Tutu nənəm", "Sağım mahnısı", "Çiçək şumla yeri", "Şum nəğməsi" və başqalarını misal gətirmək olar.
Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır. Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır. Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan, günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir. Məsələn, "Günəş çıx, çıx, çıx! Kəhər atı min çıx" və yaxud "Yağış çağır", "Xıdır İlyas", "Səməni", "Kos-kosa", "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq oyun və tamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi. Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.
Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir.
Lirik mahnılar isə mahnı janrının ən zəngin və gözəl növüdür. Lirk mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hissələr lirik mahnıların məzmununun əsasını təşkil edir.
Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Birincilər üçün geniş melodiya, oynaq ritm, segah ladı səciyyəvidirsə, qəmli, kədərli ruhda olan məhəbbət mahnıları üçün "ah", "vay" kimi nidalar, "Bayatı-Şiraz"ın lad əsası, 6/8 və 3/4 ölçülərinin növbələşməsi və s. xasdır. Birinci qrup mahnılara "Gül oğlan", "Yar bizə qonaq gələcək", "Qoy gülüm gəlsin" və s. ikinci qrupa "Səndən mənə yar olmaz", "Onu demə, zalım yar" və s. mahnılar daxildir. Lirik mahnılar forma etibarilə də daha geniş və mürəkkəbdir. Onlar üçün kuplet forması, həmçinin mürəkkəb iki hissəli və rondo formasına bənzər forma, variantlı təzələnmənin təkrarı, sekventlik və s. xasdır.
Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur. Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.
Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.
Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsmayıl, Dəli Alı, Qanadlı Nağı və s. bu kimi qəhrəmanlar haqqında dastan və mahnılar yaranmışdı. Məsələn, "Gedən gəlmədi", "Piyada Koroğlu", "Qaçaq Nəbi" və b. bu cür mahnılardandır.
Rəqslər
Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə keçmişdi. Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları ilə seçilirlər. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunmuşdu.
Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər, məsələn: "Vağzalı", "Uzundərə". Elə rəqslər var ki, ancaq qadınlar tərəfindən ifa edilir, "Nəlbəki", "Ceyranı" kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, "Qaytağı", "Cəngi", "Qazağı", "Xançobanı" və b.
Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət mərasimlərini müşayiət edirlər. Məsələn, "Halay" rəqsləri bu qəbildəndir. "Vağzalı" rəqsi isə adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən "Yordu-yordu" rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılan "Yallı"dır ki, öz kökü və rişaləri ilə çox qədim dövrlərə gedib çıxır.
Muğam
Azərbaycanın musiqi folklorunda mahnı, rəqs musiqisiylə bərabər xalqın şifahi professional ənənələrinin janrları da yaşayıb inkişaf edirdi. Onlardan ən önəmlisi muğamlar idi. Muğamlar Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq vokal instrumental kompozisiyanın ən yüksək yaradıcılıq nümunəsidir. Qədim zamanlardan başlayaraq, əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olmuşdu. Şərq klassik musiqisində muğamat, muğam dəstgahı, (yəni siulin tamı, hərfi mənada komplekti), 12 muğamdan - Üşşaq, Nəva, Əbusəlik, Rast, İraq (Əraq), İsfahan, Zirəfkənd, Büzrük (Bozorq), Zəngulə, Rəhavi, Hüseyni, Hicaz, - 24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və təsniflərdən ibarətdir. Azərbaycan musiqisində muğam termini iki mənada işlənir. Birinci - lad termininin eynidir. Hal-hazırda Azərbaycan xalq musiqisində 7 əsas lad, yaxud muğam: Rast, Şur, Segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun və əlavə bir sıra muğamlar mövcuddur. İkinci - muğam çox hissəli formaya malik son dərəcə mürəkkəb və maraqlı, yalnız özünəməxsus quruluşa malik musiqi əsəri mənasındadır. Muğamı formasına görə süita-rapsodiya, simfoniya ilə də müqayisə edirlər. Bu əsər özü bir lad, muğam üzərində qurulur və muğamın müəyyən edilmiş ciddi qayda-qanunları çərçivəsində inkişaf edir. Muğam ifaçıları isə xanəndə və onu müşayiət edən sazəndə dəstəsi (üçlük-tar, kamança, dəf) və yaxud solo insturumentalistlər özlərinin yaradıcılıq fantaziyası, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu muğam əsərinə müxtəlif dəyişikliklər, yeni çalarlar, xallar, zəngulələr və s. daxil etmişlər. Xanəndələr muğamları məşhur şairlərin - Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üstündə ifa edirlər.
Muğam dəstgahlarında muğamın improvizasiya hissələri dəstgahın dəqiq metroritmik parçaları olan vokal təsnifləri və instrumental rəngləri ilə növbələşir. Azərbaycan muğamlarında başqa xalqların muğamlarından fərqli olaraq improvizə daha çoxdur, daha parlaqdır. Ona görə professional muğam ifaçıları həm də bu muğamların yaradıcısı kimi çıxış edirlər. Azərbaycanın instrumental vokal muğamlarının bir növü də zərbi-muğamlardır. Bura: "Heyratı", "Arazbarı", "Ovşarı", "Mənsuriyyə", "Simai-şəms", "Kərəmi", "Kəsmə-şikəstə", "Qarabağ şikəstəsi" daxildir. Bu muğamların əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, xanəndənin vokal muğam improvizə partiyasının dəqiq metroritmik müşayiəti olur. Özü də müşayiətdə, sazəndələr triosunda əsas yer "dəf"ə və ya "dəf" ilə "nağara"ya verilir. Ölçü çox vaxt iki vurğulu olur. Zərbi muğamların vokal partiyası üçün yuxarı registrdə başlayan zəngin ornamentli melodiya xasdır.
Aşıq yaradıcılığı
Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların müsiqi-poetik yaradıcılığı da daxildir. Aşıq-eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi.
Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının, məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, tərənnüm edən mahnılar, satirik və yumoristik və həm də dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Alətin gözəl tembrinə görə sazı şairlər həmişə vəsf etmişlər. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı dastandır, xüsusilə də qəramani-epik dastanlar. Dastanlarda vokal-instrumental hissələr şerlə danışıq parçalarını əvəz edir.
XVI əsrin xalq qəhramanı, feodallara və xarici işğalçılara qarşı çıxmış cəsur, igid Koroğlu haqqında dastan məşhurdur. Bu dastanda "Koroğlu cəngisi", "Atlı Koroğlu", "Piyada Koroğlu", "Koroğlu" və b. aşıq mahnılarında Koroğlunun qəhramanlığı vəsf edilirdi. "Misri" mahnısı da qəhramani xasiyyət daşıyaraq aşıqların xüsusilə deyişməsi vaxtı ifa edilir. Deyişmədə iki, üç, hətta dörd aşıq iştirak edib, müəyyən mövzuda iprovizə edə bilərlər.
Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur. Bu "gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr oluna bilər. Aşıqların mahnılarının bir hissəsi qəm, kədərlə doludur, "Yanıq Kərəmi", "Dilqəmi" kimi, digər hissəsi isə "Əfşarı", "Şərili" kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.
Aşıq yaradıcılığında nəsihatəmiz mahnılardan ibarət ustadnamə janrı da maraqlıdır.
Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı,onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər.
Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu kuplet formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.
Azərbaycan aşıqları müəyyən zonalara bölünmüşlər və bir-birindən öz yerli yaradıcılıq xüsusiyyətlərinə görə ayrılırlar. Məsələn, Göyçə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan, Səlyan aşıqları öz fərdi sənətkarlıqları ilə seçilirlər və aşıq sənətinin ənənələrini böyük əzmlə qoruyub saxlayırlar.
Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər.
Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır.
1300 il öncə Dədəmiz Qorqud elimizdə, evimizdə əmin-amanlığın olmasını, ozanların çalışıb oxumasını arzulamışdı. Ona görə ki, ozan hər şeydən agah olan "ər comərdini, ər nakəsini" bilən müdrik ağsaqqaldı. Dədə Qorqud özü məhz belə ozan idi. Oğuz ozanlarının əsas musiqi aləti qopuz idi və mifoloji rəvayətlərə görə bu aləti icad edən və onun gözəl ifaçısı də Dədə Qorqud olub.
Tarixən, illər, əsrlər boyu Azərbaycanın ozan-aşıq musiqisinin musiqi folklorumuzun digər sahələrinə, növlərinə və sonralar da müasir dövrdə bəstəkarlarımızın yaradıcılığına təsiri böyük olmuşdu. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla istifadə edən bəstəkarımız Ü.Hacıbəyov olmuşdu (özünün şah əsəri olan "Koroğlu" operasında). Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən digər bəstəkarımız Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların gözəl vəhdətini yarada bilmişdir.
AZƏRBAYCAN MUĞAMI
Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan muğamını İran dəstgahları, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb nubaları, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərq musiqisinin ümumi-bədii ənənələrini təşkil edirlər. Bununla yanaşı, muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ermənilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır.
Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir.
Azərbaycan musiqisində "muğam" termini eyni zamanda lad, melodiya və janr kateqoriyalarını bildirir. Bu termin lad mənasında azı yeddi yüzildir ki, mövcuddur. XIV yüzildə yaşamış görkəmli Azərbaycan musiqi nəzəriyyəçisi, ifaçısı və bəstəkarı olan Əbdülqadir Marağainin risaləsində O, orta əsrlərdə Yaxın və Orta Şərq musiqisində geniş yayılmış 12 əsas lada (Busəlik, Nəva, Üşşaq, Rast, İraq, İsfahan, Zirafkənd, Bozurq, Rəhavi, Hüseyni və Hicaz) münasibətdə tətbiq edilir. Hazırda Azərbaycan musiqisində təkcə yeddi əsas ladı (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Humayun, Şüştər) deyil, həm də çoxsaylı tonal variantları (Mahur, Dügah, Bayatı-Qacar, Xaric Segah, Orta Segah, Mirzə Hüseyn Segahı, Yetim Segah və s.) da muğam adlandırırlar. Muğam termini geniş mənada, eləcə də başlıca ladların şöbələrinə də aid edilməklə, onları da ümumilikdə lad kimi əks etdirir.
Azərbaycanın çağdaş musiqi məişətində, habelə sərbəst vəznli melodiyaları da "muğam" adlandırırlar. Hərçənd ənənəvi muğam repertuarı müxtəlif tipləri - müəyyən vəzni olmayan improvizasiya xarakterli melodiyaları ("bəhrsiz hava"), takt vəzni ilə melodiyalar ("bəhrli hava") və qarışıq vəznli melodiyaları ("qarışıq bəhrli hava") özündə birləşdirsə də, musiqiçidən muğam ifa etməsi xahiş olunanda istisnasız olaraq "bəhrsiz hava" nəzərdə tutulur. Geniş yayılmış fikrə görə, muğamın melodik üslubu öz kökləri ilə Quranın ənənəvi oxunuşuna gedir, lakin bəzi alimlər bunun mənşəyini Avestanın himn ənənələrində görürlər. Bu iki nöqteyi-nəzər muğam melodik üslubunun mənşəyini müəyyən etməkdə haçalansa da, öz mənşəyinə görə sakral təzahür kimi qiymətləndirmədə üst-üstə düşürlər. Son illər Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı dünyada populyardır və bu musiqi sənəti inkişaf etmişdir.
Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır.
Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır.
Vokal-instrumental dəstgahlar (dəstgahın ən erkən növü) Azərbaycanda XIX yüzildə əsasən Şuşa, Şamaxı, Bakı, Gəncə, Lənkəran, Şəki şəhərlərində geniş yayılmışdır. Dəstgahlar özünün ilk elmi təsvirini Azərbaycan alimi Mir Möhsün Nəvvab Qarabağinin "Vüzuh ül-ərqam" (1884) risaləsində tapmışdır. Buna baxmayaraq, dəstgahlar XX yüzilin 20-ci illərinədək sabit forma prinsiplərinə malik olmamışlar. Eyni bir dəstgah Qarabağ, Bakı və Şamaxı muğam ifaçılığı məktəbinin versiyalarında fərqli şəkillərdə ifa oluna bilərdi.
1922-ci ildə muğamın tədrisi Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilmişdir. Tədris proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının strukturunda xeyli islahatlara və ənənəvi məhəlli məktəblərin nisbi unifikasiyasına gətirib çıxardı. Üzeyir Hacıbəyovun (1885-1948) göstərişinə əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər qrupu (Mirzə Fərəc Rzayev, Mirzə Mansur Mansurov, Əhməd xan Bakıxanov, Arsen Yaramışev, Seyid Şuşinski, Zülfi Adıgözəlov) dəstgahların ixtisar edilmiş tədris versiyalarını işləyib hazırladılar. 20-ci və 30-cu illərdə tədris versiyaları ilə yanaşı olaraq, böyük sənətkarların - o vaxtın ustadlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirirdi. Lakin sonralar ixtisar edilmiş versiyaların ifası konsert təcrübəsində, radio çıxışlarda, qrammofon yazılarında da mövqeyini möhkəmlətməyə başladı. XX yüzilin birinci onilliklərində Azərbaycan dəstgahlarının tərkibində ifa olunan bir çox melodiyalar 60-70-ci illərdə artıq unudulmuşdu.
Bir musiqi termini olaraq "dəstgah" termini "tonların, pillələrin komplekti və ya məcmusu" deməkdir. Bu formanın əsasında hər dəstgahda fərqli olan bir neçə müəyyən ladın - muğamların "komplekti" təşkil edir, məsələn, "Rast" dəstgahının tərkibinə daxil olan ladlar komplekti "Çahargah" dəstgahının ladlar komplektindən fərqlənir. Azərbaycan musiqisində dəstgah forması, başqa sözlə, lad siklinin tərkibi yalnız yuxarıda sadalanan əsas ladlara və onların tonal variantlarına malik ola bilər. Dəstgah formasının muğam formasından başlıca fərqi ondadır ki, dəstgahın musiqi formasının əsasında bir neçə fərqli lad-muğamların sistemi dayanır, halbuki muğam özü onun bütün mümkün tonal çalarları ilə birlikdə bir lad-muğam hüdudunda musiqi kompozisiyasından ibarətdir. Müvafiq olaraq dəstgahın və muğamların miqyasları fərqlənir (Bu qaydadan yeganə istisnanı Rahab muğamı təşkil edir, o öz tarixi təkamülü prosesində dəstgahdan muğama çevrilərək dəstgahın lad və kompozisiya prinsiplərini müəyyən dərəcədə qoruyub saxlamışdır).
Xan Şuşinski, Bəhram Mansurov, Tələt Bakıxanov
Kompozisiyaların vokal-instrumental növləri adətən iştirakçılar heyəti tərəfindən ifa olunur. Onların sırasına mütləq müğənni-xanəndə daxildir, o özü qaval zərb alətində ifa edir, eləcə də tar və kamança ifaçıları daxildir. Muğamların və dəstgahların ifaçılarının bu heyəti "muğam triosu" adlanmaqla, Azərbaycanda XIX yüzilin sonlarından bəri daha geniş yayılıb, hərçənd çox zaman daha geniş heyətlər də ifa edirlər. Son illər Azərbaycanda musiqi təcrübəsinə dəstgahın bir solist-xanəndə tərəfindən ifası daxil olmuşdur.
Vokal-instrumental dəstgahı sabit musiqi ölçüsü (Dəraməd, Təsniflər, Rənglər) və sərbəst vəznli improvizasiya xarakterli hissələri (Bərdaşt, Mayə və Şöbət) birləşdirir. Bəzi dəstgahlarda, eləcə də hər iki melodiya tipini eyni zamanda uzlaşdıran hissələr də (Zərbi-Muğam) var. Praktik olaraq, Bərdaştdan başqa, dəstgahın bütün hissələri müstəqil kiçik musiqi formaları şəklində dəstgahdan kənarda da ifa oluna bilərlər. Dəstgahın tərkibində bu hissələrdən hər birinin müəyyən funksiyası və forması var. Dəraməd və Bəradşt - giriş xarakterli instrumental pyeslərdir. Üçüncü hissə, Mayə (ilkin təməl, xəmirin mayası kimi tərcümə olunur) - hər bir dəstgahda əsas və ən iri şöbədir. Dəraməd, Bərdaşt və Şöbət - vokal instrumental dəstgahın mütləq hissələridir, onun formasının hərəkətini və məntiqini müəyyən edir. Təsniflər (mahnı tipli vokal-instrumental melodiyalar) və Rənglər (əksərən rəqs xarakterli instrumental pyeslər) dəstgahı təbəqələşdirməklə ona bir gözəllik gətirir. Onların seçimi ifaçının istəyindən, zövqündən və bədii mənadan asılıdır.
Dəstgahda şöbələrin növbələnmə qaydası melodiyanın tonikadan (Mayə) tonikanın yuxarı oktavasınadək, mütləq Mayəyə yekun qayıdışı ilə yüksəlişin pilləvari sırasını əmələ gətirir, bundan sonra dəstgah tamam olmuş sayılır. Dəstgahın dramaturgiyası insanın bir-birini əvəz edən ruhi vəziyyətinin sikli kimi canlanır, onların ardıcıllığı hər bir dəstgahda emosional zirvəyə istiqamətlənmişdir. Dəstgahın bədii konsepsiyası mənəvi azadlığa və təmizlənməyə gətirib çıxaran bir sıra emosional vəziyyətlərdən ("məqamlardan") keçirməklə, insan şəxsiyyətinin mənəvi yolu ideyasını təcəssüm etdirir. Bu yol insan ruhunun sosial bağlardan tədricən azad olunmasından, xarici aləmdən uzaqlaşmaqdan və daxili şəxsi duyğular və yaşantılar aləminə baş vurmaqdan keçir, bəzən bunun yüksək pilləsi duyğuların özünü büruzə verən ekstatik yaşantısı olur, bunun ardınca bütün bunlardan azad olma gəlir.
Muğam sənəti klassik poeziya ilə qırılmaz tellərlə bağlıdır
Muğamlarda bir sıra melodiyalar məsnəvi, saqinamə, səmai, şəhraşub, dübeyti şer formalarının adlarını daşıyır ki, bu da həmin melodik formaların eyniadlı şer formaları ilə bağlılığını, yaxud, hətta ola bilsin onların mənşəyini göstərir. Vokal muğam melodiyaları əruzun Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırılmış kvantitativ ölçüsündə yazılmış şerlərlə oxunur.
Klassik poeziya janrı olan qəzəl muğamlarda ifa olunan əsas şer formasıdır. Keçmişin xanəndələri orta əsr Azərbaycan şairlərindən Nizami Gəncəvi və Xaqani Şirvani (XII yüzil), İmadəddin Nəsimi (XIV yüzil), Şah İsmayıl Xətai və Məhəmməd Füzuli (XVI yüzil), Molla Pənah Vaqif (XVIII yüzil), Xurşid Banu Natəvan, Seyid Əzim Şirvaninin (XIX yüzil) qəzəllərinə daha çox üstünlük verirdilər. İndiki dövrün xanəndələri daha çox Əliağa Vahidin (XX əsr) - Azərbaycanın klassik şairlərindən sonuncusunun qəzəllərinə daha çox üz tuturlar.
Qəzəllərlə yanaşı, muğamlarda (əsas etibarilə zərbi-muğamlarda), eləcə də qoşma və ya bayatı poetik formalarında xalq şeirlərindən də istifadə edə bilərlər. Xanəndə özünün şer seçimində sərbəstdir, lakin bununla bərabər o, ifa etdiyi muğamın musiqi xarakterini də nəzərə almalıdır, məsələn, onun işıqlı musiqi koloritinə malik "Rast" muğamı üçün seçilən qəzəllər Ü.Hacıbəyovun verdiyi xarakteristikaya görə, "dərin kədər hissi" doğuran "Hümayun" muğamı, yaxud dini və matəm mərasimlərində tez-tez ifa olunan "Şüştər" muğamı üçün yararlı deyil.
XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şerlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu (1861-1944) son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.
Muğamın instrumental növlərinin əsasında vokal-instrumental növlərindəki formanı genişləndirmənin eyni struktur və prinsipləri dayanır, fərq yalnız bundadır ki, instrumental kompozisiyalarda bir qayda olaraq Dəraməd, Bərdaşt və Təsniflər ifa edilmirlər.
Muğamın instrumental növləri XX yüzilin əvvəllərində Azərbaycanda istedadlı instrumentali ifaçıların meydana gəlməsi və instrumental ifaçılığın çiçəklənməsi ilə geniş yayılmışdır. Azərbaycanda tarda aparılmış islahat da (Mirzə Sadıq Əsəd oğlu) xeyli rol oynadı ki, bunun nəticəsində bir zaman İrandan Azərbaycana gəlmiş bu musiqi aləti İran tarı ilə müqayisədə daha güclü, konsert səsi əldə etdi. Bizim günlərdə dəstgahlar digər ənənəvi alətlərdə, məsələn, kamançada, udda, kanonda (simli), zurnada, balabanda, neydə (nəfəsli) də solo ifa edilə bilərlər. XX yüzildən başlayaraq bəzi Avropa musiqi alətləri (klarnet, qoboy, qarmon) ənənəvi musiqiyə daxil olmuş və muğamların onlarda ifa edilməsi milli publika tərəfindən autentik qəbul edilir.
Janrın həm vokal-instrumental, həm də instrumental növləri ya lad sikli fomasında (dəstgah), ya da bir ladda bir hissəlik melodik improvizasiyada ifa edilə bilərlər.
Kiçik muğamlar (vokal-instrumental və instrumental növlər) - "Rahab", "Qatar", "Şahnaz", "Sarənc", "Bayatı-Kürd", "Nəva", "Dəşti", "Hicaz" və digərləri dəstgahlarla müqayisədə daha kiçikmiqyaslı müstəqil musiqi kompozisiyaları olmuşlar. Əgər dəstgahlar təsnifləri və rəngləri hesaba almasaq, 5-dən 10-12-dək şöbəni özündə birləşdirə bilərsə, muğamlar adətən 3-dən çox olmayan şöbələrdən ibarətdir. Yalnız 5 şöbədən ibarət olan "Rahab" muğamı istisna təşkil edir.
Vokal muğam (instrumental müşayiət olmadan) mərasim və ya matəmlərdə tətbiq edilir, qəzəl və qəsidə poetik formalarında yazılmış dini və ya matəm məzmunlu şerlərlə ifa olunur.
Zərbi-muğamlar (onlara ritmik muğamlar da deyilir) bir ladda bir hissəli vokal-instrumental kompozisiyadan ibarətdir və müstəqil kiçik muğam formaları qrupuna aid edilirlər. Bu janrın XIX yüzilin musiqi təsrübəsində bəlli olan 18 nümunəsindən hazırda "Qarabağ şikəstəsi", "Şirvan şikəstəsi", "Kəsmə şikəstə", "Zərbi-Simayi-Şəms", "Zərbi-Mənsuriyyə", "Arazbarı", "Ovşarı", "Maani", "Heyratı" öz populyarlığını qoruyub saxlamışdır. Bu kompozisiyaların xarakterik xüsusiyyətləri vəzn baxımdan sərbəst vokal melodiyalarının (adətən yüksək registrdə) ritmik instrumental müşayiətlə uyğunlaşdırılmasıdır. Lakin bu janrın müəyyən vəzn çərçivəsində saxlanan ("bəhrli hava") ayrıca sırf instrumental nümunələri də mövcuddur ("Heydəri").
Muğam ifaçılığı mədəniyyəti
Muğam ifaçılığının yayılmasında və onun pprofessional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada "Məclisi-Fəramuşan", "Məclisi-Üns", Musiqiçilər Cəmiyyəti, Şamaxıda "Beytüs-səfa" və Mahmud ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra", Gəncədə "Divani-hikmət", Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda "Fövcül-füsəha" idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şerin incə ifası ətrafında müzakirələr aparırdılar. Məclis XIX yüzildə muğamların dinləyicilər qarşısında ifasının başlıca formalarından biri idi və bu ənənənin sönüb getməsi XX yüzilin əvvəllərində musiqi ifaçılığının konsert formasının üzə çıxmasıyla Azərbaycanda musiqi həyatının demokratikləşmə prosesi ilə bağlı olmuşdur. Lakin, məclislər muğamın diqqətlə dinlənilməsinin xüsusi mədəniyyətini, eləcə də muğamın ifasına yüksək bədii tələblər irəli sürən zövqlü, başadüşən dinləyici mühitini ("ariflər məclisi") formalaşdırmışdı. Məclislər özlüyündən XIX yüzil - XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində güclü stimul rolunu oynamışdı.
Məscidlər yanında rövzəxanlar məktəbi də (ayinlərdə musiqi repertuarının ifaçıları) müəyyən təhsil səviyyəsinə malik idilər. Burada yaxşı səsi olan oğlanlara muğamları savadlı tərzdə ifa etmək və klassik şerləri düzgün tələffüz etməyi öyrədirdilər. XX yüzilin 20-ci illərinədək bu məktəblər muğam ifaçılarının professional baxımdan kamilləşmələrinə yönəlik yeganə tədris ocağı idilər.
XX yüzilin 20-ci illərindən başlayaraq - sovet dövründə Azərbaycanda musiqi təhsili, o cümlədən muğamın tədrisi 3 mərhələli sistem üzərinə köçürüldü: məktəb - texnikum - konservatoriya. Beləliklə, muğam sənətinin tədrisi prosesi indi formal olaraq 14-15 il vaxt aparır. İfaçılar özləri hesab edirlər ki, professional yetkinlik musiqiçiyə 5-10 il praktik çıxışlardan tez olmayaraq çatmaq olar. Beləliklə, muğam ifaçısının ustad, yəni öz peşəsində əsl professional olmasından ötrü 20-25 il vaxt tələb olunur. Tələbin bu səviyyəsi özlüyündə muğamı şifahi ənənəli professional sənət səviyyəsinə qaldırır.
Muğamları ifa sənəti musiqiçidən müstəsna musiqi yaddaşı və duyumu, eləcə də improvizasiya məharəti, yəni bəstəkarlıq istedadı tələb edir. Peşəkar musiqiçi bütün mövcud muğam repertuarını bilməli, məşqlərsiz camaat qarşısında çıxış etməyi bacarmaqla istənilən muğamı ifa etməlidir. Xanəndə klassik poeziyanı və əruzun vəznlərini yaxşı bilməli, 2 oktavadan az olmayan səs diapazonuna malik olmalıdır. İnstrumental ifaçı (sazəndə) bir-birindən fərqlənən solo və akkompanent versiyalarda muğamı ifa etməyi bacarmalıdır. Muğam ifaçısı bu tələblərə cavab verəndə ustad sayılır.
Həm keçmişdə, həm də indi muğam sənətinin tədrisi prosesi bilavasitə müəllimdən şagirdə ötürülməyin məlum formasında baş verir. Müəllim melodiyalardan parçaları ifa edir, tələbə onu tam yadında saxlayanadək təkrarlayır, bundan sonra növbə melodiyanın sonrakı fraqmentinə çatır və tələbə bütün melodiyanı bütövlükdə yadda saxlayanadək beləcə davam edir. Çox zaman tələbələr evdə onların əzbərlədikləri muğamlar yazılmış kompakt-disklərdən istifadə edir, eləcə də öyrəndikləri melodiyanı və müəllimin tövsiyələrini yazmaq üçün özləri ilə dərsə diktofon gətirirlər.
Muğam ifaçılığı mədəniyyəti parlaq musiqiçilərin - bütün Qafqazda və İranda məşhur olan xanəndələrin və sazəndələrin bir çox nəsillərinin yaradıcılıq nailiyyətlərindən formalaşmışdır. Keçmişin çox böyük sayda xanəndələrindən yalnız Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdı oğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Hüseynqulu Sarabski, Seyid və Xan Şuşinskilər, Bülbül, Zülfü Adıgözəlov kimi daha parlaq adları qeyd edə bilərik. Keçmişin daha parlaq sazəndələri sırasında tarzənlər Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Məşədi Zeynal Haqverdiyev, Mirzə Mansur Mansurov, Qurban Pirimov, Bakıxanov qardaşları, Paşa Əliyev, Firuz Əlizadə, kamançaçılar İsmayıl Talışinski, Qılman Salahov, qarmonda ifaçı Abutalıb Yusifov, Kəmrabəyim, Əhəd Əliyev, Kərbəlayi Lətif, Teyyub Dəmirov, zurnaçı Əli Kərimov daha çox şöhrət qazanmışdılar.
Sovet dövründə muğam sənətini xanəndələr Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Həqiqət Rzayeva, Yavər Kələntərli, Zəhra Rəhimova, Cahan Talışinskaya, Fatma Mehrəliyeva, Rübabə Muradova, Şövkət Ələkbərova, Töhfə Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, tarzənlər Əhsən Dadaşov, Bəhram Mansurov, Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədağa Muradov, Əmirulla Məmmədbəyli, Xosrov Məlikov, Adil Gəray, Ənvər Mansurov, kamançaçılar Qılman Salahov, Tələt Bakıxanov, Elman Bədəlov, Ədalət Vəzirov, qarmançular Lətif Əliyev, Abutalıb Yusifov, Əhəd Fərzəli oğlu, Məşədi Əli, Teyyub Dəmirov, xalq musiqi ifaçıları Nadir Axundov, Ağasəf Seyidov, Firuzə Zeynalova qoruyub saxlamış və inkişaf etdirmişlər.
Xanəndələr İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Zahid Quliyev, tarzənlər Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Firuz Əliyev, Sərvər İbrahimov, kamançaçılar Habil Əliyev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov kimi ifaçılar və pedaqoqlar da Azərbaycan muğam ifaçılığı mədəniyyətinə böyük töhfələr vermişlər.
Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları yazdırmaqla muğam üçün qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət etməyə başlamışlar. İlk dəfə 1906-cı ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazmışdır. 1906-cı ildən 1914-cü ilə qədər olan dövrdə Avropanın bir neçə qrammofon səsyazma firması, o cümlədən Fransanın "Pate qardaşları" şirkəti, "Sport-Rekord" alman səhmdar cəmiyyəti, "Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord", "Qrammofon-Rekord", "Premyer-Rekord" Rusiya şirkətləri Azərbaycan muğamları, təsnifləri və rəngləri yazılmış onlarca val buraxmışlar.
Azərbaycanda sovet rejimi qurulduqdan sonra, xüsusən də 30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin nəzarəti altına keçir. Sovet dövlətinin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. XX yüzilin əvvəllərndə, Şərq incəsənəti Qərb auditoriyasında maraq doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum siyasi vəziyyətə görə ona sərbəst çıxışa malik olmadıqları kimi sovet Şərqinin ənənəvi musiqiçiləri də belə bir çıxışa malik deyildilər. Müvafiq olaraq Qərbin bədii məkanında müsəlman Orta Şərqinin musiqi mədəniyyətlərindən daha çox yeri ərəb, İran və türk ənənəvi musiqisi tutmuşdur. Xarici mədəni məkanda Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 20-30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya ("doloy tar!", "doloy muğam") tədricən muğam sənətinin ictimai statusunu laxlatdı.
XX yüzilin 30-cu illərindən başlayaraq, 70-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində muğamata primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən bir hissəsində muğamatın populyarlığını azaltmadı. Muğam sənətinə münasibət yalnız XX yüzilin 70-ci illərində, YUNESKO-nun himayəsi altında ənənəvi musiqinin ilk beynəlxalq simpoziumları və festivallarının (Moskva 1971, Alma-Ata 1973, Səmərqənd 1978, 1983) keçirilməsindən və bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda doğurmasından sonra dəyişməyə başlayır. Bu tədbirlər ənənəvi musiqi sənətinə marağın oyanmasına və ona yüksək dərəcəli professional sənət olaraq baxışların formalaşmasına rəvac verdi.
XX yüzilin 90-cı illərindən başlayaraq Azərbaycan muğam sənəti dünyanın hər yerində dinləyicilərin, mütəxəssislərin və menecerlərin diqqətini get-gedə daha geniş şəkildə özünə cəlb etməyə başlayır. Azərbaycanın ənənəvi musiqiçiləri beynəlxalq festivallarda iştirak edir, dünyanın hər yerinə qastrollara çıxır, onların diskləri Qərbin ən iri səsyazma studiyalarında buraxılır.
Muğam sənəti XX yüzil Azərbaycan bəstəkarlarının yaradıcılığına ilham verən qaynaq olmuş və olaraq qalır. 1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi teatrının başlanğıcı olan ilk operasının səhnəyə qoyulduğu tarixdən muğamlar Azərbaycan musiqisindən bir çox musiqi əsərlərinə və yeni janrlara həyat vermişdir. Sonuncular sırasında - muğam operası (Üzeyir və Ceyhun Hacıbəyov qardaşları və b.), simfonik və xor muğamları (Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov), sonata-muğam (Aqşin Əlizadə, Nəriman Məmmədov), caz-muğam (Vaqif Mustafazadə, Rafiq Babayev, Əzizə Mustafazadə) göstərilə bilər. Azərbaycan bəstəkarlarının ayrı-ayrı əsərlərinin bu gün də böyüməkdə olan çox uzun bir siyahısı muğam ənənələrinə əsaslanır.
AŞIQ MUSİQİSİ
Ozan- aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlamışdır.
Aşıq sənəti -xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir.
Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır.
Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı epik janrdır-yəni dastanlardır, xüsusilə də qəhrəmanlıq dastanları. Dastanlarda vokal-instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir.
Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur. Bu "gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr oluna bilər. Aşıq mahnılarının bir hissəsi qəm, kədərlə dolu ("Yanıq Kərəmi", "Dilqəmi" kimi), digər hissəsi isə "Əfşarı", "Şərili" kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.
Aşıq yaradıcılığında nəsihətamiz mahnılardan ibarət ustadnamə janrı da maraqlıdır.
Milli poeziyanın janrları olan qoşma,gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın poetik formaları olan təcnis,cığalı təcnis aşıqların sevimli şeir formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər.
Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu dördlük (kuplet) formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.
Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər.
Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır.
Tarixən musiqi folklorunun bəstəkarların yaradıcılığına böyük təsiri olmuşdu. İlk dəfə aşıq musiqisinin xüsusiyyətlərindən bəstəkar Ü.Hacıbəyov "Koroğlu" operasında istifadə etmişdir. Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən digər bəstəkar Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yarada bilmişdir.
Aşıq yaradıcılığı yığma (toplum) sənət kimi özündə bir neçə sənət növünü birləşdirsə də, bu topluda başlıca yer ənənəvi havacatındır. Musiqili təsvir vasitələri və bədii ümumiləşdirmələrlə zəngin olan ənənəvi aşıq havacatı öz dəyişməz estetik dəyəri, cilalanmış dil-üslubu, dərin fəlsəfi mənalanma, əxlaqi yönümü ilə səciyyələndirilir.
Şifahi xalq şeirinin ("barmaqhesabı"nın-heca vəzninin) və yazılı poeziyanın (əruzun) ifadəliliyi aşıq havacatının şeir əsasını təşkil edir.
Havacatın tərkib hissəsi kimi, klassik aşıq şeiri qaydaqoyuculuq (normativ) vəzifəsini yerinə yetirir.
Ənənəvi klassik aşıq havaları bayatı, gəraylı, qoşma, təcnis və b. poetik formalara əsaslanır. 80-dən artıq ("Kərəmi", "Əfşarı", "Kürdü", "Dilqəmi", "Yanıq Kərəmi") aşıq havalarının ayrı-ayrı ərazi variantları mövcuddur.
Aşıq havalarında musiqilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının əsas vəzni heca vəznidir. Havaların quruluşu şeirin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (16-cı yüzillik), Abbas Tufarqanlı, Sarı Aşıq (17-ci yüzillik), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (18-ci yüzillik), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (19-cu yüzillik) və b. Aşıq sənətinin klassikləri hesab olunurlar. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov və b. fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır.
KLASSİK MUSİQİLƏR
Klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir.
Azərbaycan klassik musiqisinin yaranması
Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar. Professional klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur.
30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri - neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın - Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. "Cəvahirləl Nehru", "Bela Bartok adına medal" və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.
30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir klassik musiqi bstəkarları yetişmişdir. S. Rüstəmov "Alagöz", "Qurban adına", "Gəlmədin", "Sürəyya", "Oxu tar" və s., T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış "Sənə də qalmaz", "Qızıl üzük", "Bəxtəvər oldum", "Bakı haqqında mahnı", "Zübeydə" və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələrdir
ESTRADA MUSİQİSİ
Estrada - incəsənətin müxtəlif istiqamətlərini özündə birləşdirən musiqi növüdür. Estradada musiqi, illüziya, rəqs, danışıq tərzi və sirk hərəkətlərini özündə birləşdirə bilir.
Azərbaycanda Estrada musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir.
1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (ADEO), 1957-ci ildə "Biz Bakıdanıq" estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri, 60-cı illərdə "Qaya" kvarteti (sonralar vokal-instrumental ansamlı oldu), 1968-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (ADMT), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (ADESO) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (Rauf Atakişiyev, Lütfiyar İmanov) təsiri olmuşdur. Rəşid Behbudov, Müslüm Maqomayevin, Polad Bülbüloğlu yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.
Şövkət Ələkbərova, Gülağa Məmmədov, Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, Elmira Rəhimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Mübariz Tağıyev, Hadı Hadıyev, Akif İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər. Bu gün estrada janrında ifa edən tanınmış sənətçilər çoxdur: Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Faiq Ağayev, Abbas Bağırov, Röya Ayxan və s.
MEYXANA
Meyxana Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrdir. Əsasən, Bakı kəndlərində geniş yayılmışdır.
Onu adətən iki və daha artıq şair-müğənni müaşirə şəklində bədahətən söyləyir. Meyxana janrının özünəməxsusluğu, kolorit əlvanlığı daha ifadəlı, dərindir. Meyxanaya bu təkraredilməz görkəmi verən amil - müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkili meyxana janrının qədim tarixə malik olduğunu göstərir.
Təkcə XX əsr ərzində meyxana janrı üç inkişaf mərhələsi keçmişdir. Bu mərhələlər Azərbaycan xalqının həyatında son dərəcə mürəkkəb, ziddiyyətli hadisələrlə dolu dövlərə təsədüf edir. 1920-ci il aprel inqilabından sonrakı dövrdə yeni idealogiyanın yayılması üçün meyxanaya geniş meydan verilmişdir. Meyxana "Tənqid-tətbiğ" teatrının repertuarında və ümumiyyətlə bədii ədəbiyyatda, o cümlədən səhnə əsərlərində mövqe qazanmışdır.
1941-1945 illər müharibə dövründə meyxana xalqın sirdaşına çevrilir, ona ürək-dirək verir, ümidini inamını, etiqadını artırırdı.
Keçən əsrin 90-cı illərindən başlayaraq meyxana üçünçü inkişaf mərhələsinə qədəm qoymuşdur. Lakin ölkə müstəqillik yoluna qədəm qoyduğu bir zamanda meyxana janrına artıq keyfiyyətcə yeni münasibət bəslənir: telekanallarda meyxana yarışları keçirilir, ustad sənətkərları el şənliklərinə dəvət olunur, meyxana topluları nəşr edilir və nəhayət, meyxana tədqiqat obyektinə cevrilir.
Meyxana - xalq şeirinin müasir dövrdəki davamı, inkişafıdır. Hər dövrün öz meyxanası var. Zamanın nəbzini tutan, onu yaradan mühitin koloritini əks etdirən bu janr həmişə folklorla bağlı olmuş, daim xalqın arzu və istəklərini əks etdirmiş, dövrün çatışmazlıqlarını qamçılamışdır.
Meyxana janrının quruluş və struktur baxımından bir-birindən seçilən növləri vardır:
a) qafiyəli meyxanalar
b) rədifli meyxanalar
v) beyt meyxanalar
q) qafiyəsiz meyxanalar, bədihələr
CAZ
Caz
Caz musiqisinin əsas qollarından olan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulmuşdur. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət idi. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi.
Böyük Vətən Müharibəsi qurtarandan sonra "Dövlət cazı"nın rəhbəri Rauf Hacıyev olmuşdu. Amma 1950-60-cı illərdə Sovet Sosialist Respublikası İttifaqının (SSRİ) Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurdu. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər.
Bakıda caz mərkəzi
1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən birini saksafonçu, cazmen Pərviz Rüstəmbəyov olmuşdur. "Sovet Benni Qudmeni" adlandırılan P. Rüstəmbəyov əvvəlcə "Krasnıy Vostok" (indiki "Azərbaycan") kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında öz caz orkestrini yaratmışdır.
Ötən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır. "Qaya", Rafiq Babayevin kvarteti yaranır və nəhayət, Vaqif Mustafazadə dövrü başlanır.
Dünyada lirik cazın banisi sayılan Vaqif Mustafazadə ilk dəfə Gürcüstatda -Tbilisi Dövlət Filarmoniyasında (TDF) "Qafqaz" caz-triosunu təşkil etmişdir. O, ilk "Leyli" qadın kvartetini təşkil edib, "Sevil" vokal-instrumental ansamblı və "Muğam" instrumental ansamblına rəhbərlik etmişdir.
Vaqif Mustafazadə Şərq muğamını qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edirdi. İmprovizasiyanın azad xüsusiyyəti muğamla caz əlaqələrinin əsas hissəsinə çevrilmişdi. Vaqif Mustafazadə bunu çox gözəl dərk edirdi və 60-cı illərin əvvəllərində musiqidə yeni axın - caz-muğam axınını yaratmışdır.
Azərbaycan cazı bu gün
Azərbaycan cazı unudulmamış əfsanədir. Milli cazın görkəmli nümayəndələrindən Salman Qəmbərov, Rain Sultanovu, Əzizə Mustafazadə, Şahin Növrəsli və s.-nin adlarını çəkmək olar.
Salman Qəmbərovun Bakıda yaratdığı "Bakustik caz" mərkəzi Gürcüstanda, Rusiyada Almaniyada, İngiltərədə keçirilmiş festival və müsabiələrdə həmişə rəğbətlə qarşılanmışdır.
Rain Sultanovun 1996-cı ldə yaratdığı "Syundicate" qrupu dünyanın ən məşhur caz qruplarından biri olmuşdur.
17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik alan Əzizə Mustafazadə ilk albomunu 1991-ci ildə "Aziza Mustafa Zadeh" adı ilə çıxarmışdır. İkinci albomu Always (Həmişə) ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırmışdır. Ə. Mustafazadə bir çox ölkələrdə caz və ənənəvi üslublarda gözəl ifası ilə Azərbaycan cazını layiqincə təmsil edir.
Bu gün dünyada tanınan cazmenlər arasında ABŞ və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir bilicilərini heyrətə salan Şahin Növrəslinin də adı var. Moskva cazmenləri onu "Dünya caz səhnəsinin yeni ulduzu" kimi qiymətləndirmişlər.
2009-cu ildə Bakıda keçirilən birinci "Bakı Caz Festival"ı (BCF) ölkədə cazın inkişafında müsbət dönüş yaratdı. Həmin ildən etibarən hər il payız aylarında Bakı Caz Festivalı keçirilir və dünyanın çoxsaylı ölkəsindən əcnəbi caz ifaçıları bu festivalda iştirak edir.
2010-cu ildə keçirilən ikinci "Bakı Caz Festival"ı (BCF) dünyanın ən irimiqyaslı festivallarından biri kimi yadda qaldı. Festivalda Azərbaycan ilə yanaşı, əcnəbi caz ifaçıları da iştirak etdi.
Hal-hazırda Bakıda fəaliyyət göstərən "Baku Jazz Center" Azərbaycanda cazın inkişafına öz töhfəsini verir.
VOKAL
Vokal ifaçılığı
Xalq musiqi nümunələrini iki yerə bölür: bəhrli və bəhrsiz. «Bəhrli» dedikdə, o, dəqiq metro-ritmə malik, ifası zamanı zərb alətlərinin müşayiətinin istifadə olunduğu musiqi janrlarını nəzərdə tutur. Bu növ musiqiyə bəstəkar təsnif, rəng, rəqs və xalq mahnılarını aid edir. «Bəhrsiz» növə isə o, çalğısında zərb aləti istifadə olunmayan, sərbəst vəznli musiqi nümunələrini - muğam dəstəgahları, vokal musiqi aid edilir.
Hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqi irsi də başlıca olaraq, vokal, instrumental və vokal-instrumental musiqidən ibarətdir.
Azərbaycanda milli vokal sənətinin elmi-praktiki inkişafı vokal məktəbinin banisi Bülbülün adıyla bağlıdır. Azərbaycan vokal məktəbinin inkişafı milli vokal folklorunun toplanması və öyrənilməsi işi ilə sıx əlaqədardır. Bu məqsədlə 1932-ci ildə Elmi-Tədqiqat Musiqi Kabineti təsdiq edilmişdir.
Məşhur vokalist olan Bülbül 1921-ci ildə təşkil olunmuş Azərbaycan Dövlət Milli Konservatoriyasında ilk azərbaycanlı tələbə kimi vokal təhsili almış, burada rus və Avropa klassik musiqisini öyrənmiş, dünyagörüşünü genişləndirmişdir. Moskva və Peterburq şəhərlərinə qastrol səfərləri zamanı isə dinlədiyi görkəmli rus müğənnilərinin, xüsusilə Sobinov və Şalyapinin yaradıcılığı ona çox böyük təsir göstərmişdir. 1927-ci ildə isə Bülbül vokal sənətinə dərindən yiyələnmək üçün İtaliyaya getmiş, burada 4 il dövrünün tanınmış musiqiçilərindən dərs almış, məşhur italyan müğənnilərinin yaradıcılığından bəhrələnmişdir. Bülbül Azərbaycan musiqisində yeni səhifə açmış, onun yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olmuşdur.
Vokal əsərləri
Üzeyir Hacıbəyovun vokal yaradıcılığı romans-qəzəllər və mahnılarla təmsil olunur. Romans-qəzəl janrı 1940-cı illərdə Ü. Hacıbəyovun yaradıcılığında meydana gəlmişdir. Mütəfəkkir şair, XII əsr klassik Azərbaycan poeziyasının dahisi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq, Üzeyir Hacıbəyov şairin iki qəzəli əsasında «Sənsiz» (1941) və «Sevgili canan» (1943) kimi vokal əsərlərini yaratmış, bununla da romans-qəzəl janrının təməlini qoymuşdur.
«Sənsiz» və «Sevgili canan» romans-qəzəlləri musiqi üslubu baxımından özünəməxsus orijinallığı, ahəngdar milli koloriti ilə fərqlənir.
Hələ 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə «Milli marş», «Azərbaycan marşı», «Çırpınırdın Qara dəniz» kimi vətənpərvərlik ruhunda himn xarakterli mahnılar yaranmışdır ki, bunlar da vokal əsərlərinin ən gözəl nümunələri hesab olunur. . Bunlardan «Milli marş»ın sözləri Ü. Hacıbəyova, «Azərbaycan marşı»nın və «Çırpınırdın Qara dəniz» mahnısının sözləri Əhməd Cavada məxsusdur. Bu əsərlər uzun müddət itirilmiş hesab olunurdu. Lakin onlar Türkiyədə məşhurlaşmış və çap olunmuşdur. Yalnız 1980-ci illərdə Üzeyir Hacıbəyovun xatirə ev muzeyinin əməkdaşları tərəfindən tapılıb bərpa edilmiş və Azərbaycanda səsləndirilmişdir.
Sonralar vokal əsərləri Azərbaycan musiqisinin əsas istiqamətlərindən birinə çevrilmiş, demək olar ki, bütün bəstəkarlar (xüsusilə də Q. Qarayev, F. Əmirov, T. Quliyev, Ə. Hüseynzadə, V. Adıgözəlov və s. kimi məşhur bəstəkarlar) bu janra dönə-dönə müraciət etmişlər. Bülbül, R. Behbudov, M. Babayev, F. Qasımova, X. Qasımova, A. Zeynalov, T. Əmrah və s. müğənnilər Azərbaycan musiqi ifaçılığında özünəməxsus yeri olan vokalistlər hesab olunurlar.
ROK
Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidir və bəzən bu da yanlış fikirlərə gətirib çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Həmçinin, dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və fəlsəfi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasında qalır.
Rokun əsas inkişaf mərkəzləri ABŞ və Qərbi Avropadır. Böyük Britaniya roksevərliyinə görə Avropada ön pillədədi.
Azərbaycanda rok musiqisi 1966-75-ci illərdə geniş yayılmışdır. O zamanlar gənclər Qərb rok musiqisini radio dalğalardan dinləyirdilər. Daha çox keyfiyyətli musiqi dinləmək istəyən gənclər "Led Zeppelin", "Beatles", "Animals" kimi qruplara qulaq asırdılar. Universitetlərdə, mədəniyyət evlərində, məktəblərdə rok qrupları yaradılırdı. Bir çoxları da xarici dillərdə ifa olunmuş musiqilərin sözlərini anlamaqda çətinlik çəkirdilər, buna görə də ifa edərkən bəzən original sözlərdən istifadə etmirdilər.
Azərbaycan musiqi mədəniyyəti böyük olan bir ölkə olduğundan Qərbdən gələn bu musiqi növünü heç bir xüsusi nəzarətdə saxlamırdılar. Komsomol Komitəsi (KK) rok festivallarının əsas təşkilatçısı idi. Bununla belə, hər konsert üçün kommunist şüarı uydurmaq lazım gəlirdi.
1960-70-ci illərdə "Eksulap" (Tibb Universiteti), "Xürrəmilər" (İqtisad Universiteti), "Rəng" kimi rok qruplar yarandı və gənclər tərəfindən sevildi. 70-ci illərdə nisbətən Qərb musiqisinin təsirindən çıxıb və öz musiqi stilini yaradan qruplar daha çox idi. Bunlara "Cür-bə-cür" (Cahangir Qarayevin rəhbərliyi ilə), "Brevis", "Üç od" aid edilə bilər.
Azərbaycan Rok musiqi stilinin yaranmasında 2 qrup başlıca rol oynayıb. Bunlar "Ekspriment Ok" və "Aşıqlar" (Elxan Şixəliyevin rəhbərliyi ilə) qrupudur. "Aşıqlar" öz musiqisində ud, tar və kamançadan istifadə edirdi. Elxan Şixəliyev həm də "Ekspriment OK" qrupunda saksafonda ifa edirdi. "Unformal" qrupu isə 2001-ci ildə "BIC Fest 01″ festivalında ən yaxşı rok qrup kimi Qızıl Aypara Mükafatına layiq görülmüşdür. Hətta orada ifa etdiklər "I hope you'll be there" kompozisiyasını Amerikanın radiostasiyaları səsləndirmək istəsələr də, musqiqinin səs keyfiyyətləri aşağı olduğu üçün baş tutmamışdır.
Hazırda Azərbaycan Rok musiqisinin auditoriyası zəifdir. Ancaq bununla belə, qruplar fəaliyyətini davam etdirir, tez-tez xarici ölkələrdə konsert proqramları ilə çıxış edirlər.
REP
Hip-Hop (rep) musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəsisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Azərbaycanda isə 1990-cı illərdən etibarən tanınmağa başlanan bu janr xalq tərəfindən elə də böyük rəğbətlə qarşılanmamışdı. Milli Qəhrəman Çingiz Mustafayevin Azərbaycanda repin inkişafında, tanınmasında rolu əvəzsizdir. Bundan əlavə, Çingiz Mustafayev Azərbaycanda ilk disko-klubun yaradacısıdır. O vaxtlar klublarda Snap, Dr.Alban kimi məhşur zənci reperlərin mahnıları səslənirdi. Beləliklə də, Çingiz Mustafayev zənci repinin Azərbaycana gətirən ilk insan kimi adını tarixə yazdırmış oldu.
Daha sonra isə "Kasıbların mahnısı" adlı mahnısı ilə Anar Nağılbaz Azərbaycan dilində ilk repi yaratdı. 1993-cü ildə isə A.Nağılbazın kütləyə təqdim olunan albomu gözləniləndən daha çox marağa səbəb oldu. Artıq bu janra hər kəsdə maraq yaranmağa başlamışdı. Vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman" daha sonra "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı.
Elşad Xosenin "Həyat dəyişilməzdir" adlı albomu da repsevərlər tərəfindən maraqla qarşılanmışdır.
2000-ci ildə Anar Nağılbaz "Azeri Image Service" adlı layihəsi ilə istedadlı gəncləri öz ətrafına toplamışdır. Bu layihədən Azərbaycanda ilk reper qız kimi tanınan Mc.Rain repin sadəcə oğlanlar üçün yaranmadığını sübut etdi.
2001-2002-ci illərdə yeni bir reper Uran (İbrahim İbrahimov) Azərbaycan rep aləminə qədəm qoyur.
"Dəyirman" qrupundan başqa, 2002 -ci ildə "Uran", 2009-cu ildə isə "Xaos" rep qrupları yaranmışdır.
UŞAQ USİQİSİ
Azərbaycan musiqisi əsərlərinin ən geniş yayılmış növlərindən biridir. A.Zeynallı "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Bundan sonra bir çox Azərbaycan bəstəkarı yaradıcılığı boyu uşaq mövzusuna müraciət etmişdir.
Ən çox populyar olan uşaq mahnılarının siyahısı:
1. Çıq-çıq (Söz: İlyas Tapdıq, musiqi: Nəriman Məmmədov)
2. İdmançılar mahnısı (Söz: Hüseyn Abbaszadə, mus: Qənbər Hüseynli)
3. İynə (Söz: Cahangir Məmmədov, musiqi: Ağabacı Rzayeva)
4. Əks-səda (Söz: Xanımana Əlibəyli, musiqi: Hökümə Nəcəfova)
5. Ad günü (Söz: Tofiq Mütəllibov, musiqi: Ağabacı Rzayeva)
6. Alma (Söz: Mehdi Seyidzadə, musuqi: Səid Rüstəmov)
7. Ana və qız (Söz: Tofiq Mütəllibov, musiqi: Ramiz Mustafayev)
8. Armud (Söz: Xanımana Əlibəyli, musiqi: Şəfiqə Axundova)
9. Ayı (Söz: Cahangir Məmmədov, musiqi: Midhət Əhmədov)
10. Bağçamız (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
11. Bahar (Söz: Yusif Həsənbəy, mus: Vasif Adıgözəlov)
12. Bahar gəlir (Söz: Yusif Həsənbəy, mus: Ramiz Mustafayev)
13. Balaca kapitan (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
14. Balaca neftçiyəm (Söz: Rəfiq Zəka, mus: Telman Hacıyev)
15. Balaca ovçu (Söz: Hikmət Ziya, mus: Oqtay Zülfüqarov)
16. Bip-bipin nəğməsi (Söz: Teymur Elçin, mus: Fikrət Əmirov)
17. Bizim Bakı metrosu (Söz: Hikmət Ziya, mus: Ağabacı Rzayeva)
18. Bizim gəmi (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
19. Bizim həyət (Söz: Teymur Elçin, mus: Fikrət Əmirov)
20. Buzov (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
21. Cü-cü (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
22. Cücələrim (Söz: Tofiq Mütəllibov, mus: Qənbər Hüseynli)
23. Cırcırama (Söz: Yusif Həsənbəy, mus: Oqtay Zülfüqarov)
24. Canlı guşə (Söz: Tofiq Mütəllibov, mus: Midhət Əhmədov)
25. Dağlar (Söz: Mehdi Seyidzadə, mus: Səid Rüstəmov)
26. Dostluq qatarı (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
27. Dovşanım (Söz: Yusif Həsənbəy, mus: Qənbər Hüseynli)
28. Ey mərd ürəkli ordum! (Söz: Hikmət Ziya, mus: Emin Mahmudov)
29. Gözəl Vətən (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
30. Güllər (Söz: Tofiq Mütəllibov, mus: Midhət Əhmədov)
31. Günəş (Söz: Aydın İbrahimov, mus: Tofiq Bakıxanov)
32. Günəş olaram mən də (Söz: Xanımana Əlibəyli, mus: Hökümə Nəcəfova)
33. Gün, çıx! (Söz: Mehdi Seyidzadə, mus: Səid Rüstəmov)
34. Gəl, bahar (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
35. Gəl, barışaq (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
36. Gənc bağbanlar (Söz: Tofiq Mütəllibov, mus: Qənbər Hüseynli)
37. Gənc idmançılar mahnısı (Söz: Hikmət Ziya, mus: Musa Mirzəyev)
38. Kəndimiz (Söz: Yusif Həsənbəy, mus: Nazim Əliverdibəyov)
39. Kiçik aşpaz (Söz: Yusif Həsənbəy, mus: Oqtay Zülfüqarov)
40. Kiçik balıqçılar (Söz: Hikmət Ziya, mus: Əfsər Cavanşirov)
41. Kukla (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
42. Kuklam xəstədir (Söz: Yusif Həsənbəy, mus: Oqtay Zülfüqarov)
43. Layla (Söz: Sərdar Əsəd, mus: Ramiz Mustafayev)
44. Məktəbə gedəcəyəm (Söz: İlyas Tapdıq, mus: Oqtay Zülfüqarov)
45. Məktəblilər (Söz: Ənvər Əlibəyli, mus: İsmayıl Quliyev)
46. Mənim oyuncaqlarım (Söz: Tofiq Mütəllibov, mus: Midhət Əhmədov)
47. Məstan (Söz: Cahangir Məmmədov, mus: Qənbər Hüseynli)
48. Maşınımı sürürəm (Söz: Yusif Həsənbəy, mus: Oqtay Zülfüqarov)
49. Maral (Söz: Mehdi Seyidzadə, mus: Səid Rüstəmov )
50. Mişar (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
51. Naxır gəlir (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
52. Odlar ölkəsi (Söz: Tofiq Mütəllibov, mus: Fikrət Əmirov)
53. Qış baba (Söz: Mehdi Seyidzadə, mus: Səid Rüstəmov)
54. Qış mahnısı (Söz: Tofiq Mütəllibov, mus: Ağabacı Rzayeva)
55. Qış nəğməsi (Söz: Teymur Elçin, mus: Oqtay Zülfüqarov)
56. Qırmızı şar (Söz: Cahangir Məmmədov, mus: Ağabacı Rzayeva)
57. Qızılgül (Söz: Sərdar Əsəd, mus: Ramiz Mustafayev)
58. Qara qız (Söz: İlyas Tapdıq, mus: Nəriman Məmmədov)
59. Qatar (Söz: Zeynal Cabbarzadə, mus: Fikrət Əmirov)
60. Qonaqlıq (Söz: Xanımana Əlibəyli, mus: Oqtay Zülfüqarov)
61. Quşların nəğməsi (Söz: Hikmət Ziya, mus: Rasim Bədəlov)
62. Quzum (Söz: Mehdi Seyidzadə, mus: Səid Rüstəmov)
63. Quzum (Söz: Zeynal Cabbarzadə, mus: Fikrət Əmirov)
64. Salam, doğma məktəb (Söz: Hüseyn Abbaszadə, mus: Qənbər Hüseynli)
65. Xəzər (Söz: Mehdi Seyidzadə, mus: Səid Rüstəmov)
66. Xoş gəlmisən, təzə il (Söz: Hikmət Ziya, mus: Ağabacı Rzayeva)
AZƏRBAYCAN XALQ RƏQSLƏRİ
Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub.
Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlamışdır.
Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; onlar bu növlərə bölünür - əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun (məsələn, “Yallı”, “Halay”) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir.
Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), korpus qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə - yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın rəqsinin inkişafı kostyumla şərtlənmişdir: uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və s.
Azərbaycan rəqslərinin musiqi həcmi – 6/8 və 3/4 –dür. Rəqslər adətən xalq çalğı alətlərinin: zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa olunur.
Ən geniş yayılmış milli rəqslər bunlardır:
- Abayı
- Alçagülü
- Asma Kəsmə
- Asta Qarabağı
- Avarı
- Ay bəri bax
- Azərbaycan
- Bənövşə
- Birilliant
- Çalpapaq
- Camış bağa girdi
- Çattadı
- Cəhribəyim
- Cəngi
- Ceyrani
- Çit tuman
- Darçını
- Dartma, yaxam cırıldı
- Dəsmalı
- Ənzəli
- Gəlin atlandı
- Gəlin gətirmə
- Gəlin havası
- Gülgəz (rəqs)
- Gülməyi
- Heyvagülü
- İki arvadlı
- İnnabı
- Keçi məməsi
- Kəndiri
- Kəsmə
- Koroğlu
- Koroğlunun qaytarması
- Lalə
- Mirvari
- Mirzəyi
- Misri
- Mücəssəmə
- Naznazı
- Pəhləvanı
- Qaytağı
- Qazağı
- Qıtqılda
- Qızılgül
- Qızlar bulağı
- Qoçəli
- Qofta
- Rəngi
- Şahsevəni
- Şalaxo
- Samux
- Sarıbaş
- Şəki
- Səməni
- Tamara
- Tərəkəmə
- Toy rəqsi
- Turacı
- Üç badam, bir qoz
- Uzundərə
- Vağzalı
- Velaçola
- Xalabacı
- Xançobanı
- Yallı
- Yerli rəqs
- Yüz bir
- Zoğalı